Hər şey insanın öz əlindədirmi ?

Azərbaycan dilində yazılmış və insan sözü ilə başlayan fikirlər oxunarkən və yazılarkən bir məqam unudulmamalıdır ki, “İnsan” dedikdə əslində azərbaycanlı nəzərdə tutulur. Müəllifin danışdığı dil və o dilin yayıldığı arealın gerçəklikləri istər-istəməz “insan” deyərkən daha çox azərbaycanlını nəzərdə tutur.  Odur ki, “hər şey insanın öz əlindədirmi” cümləsinə həm də, “hər şey azərbaycanlının öz əlindədirmi” kimi də nəzərdən keçirmək olar.  Bu suala cavab verməzdən öncə isə başqa amillərə göz atmaq  lazımdır.

Rəqabət insanın ayrılmaz, yeganə və ən əsas xüsusiyyətidirmi ? Rəqabət əlbətdə hər bir canlının həyatda qalma uğrunda mübarizəsinin nəticəsi olaraq meydana çıxan duyğu olduğu üçün, insanın vacib xüsusiyyətidir, ancaq yeganə və ən vacib deyil. Mühitdən asılı olaraq rəqabət formaca dəyişilə bilər. Artıq sosiumda yaşadığımız üçün, həyatda qalma uğrunda təbii rəqabət duyğusu öz vacibliyini itirib,  buna baxmayaraq bu duyğu yaşadağımız cəmiyyət həyatı müstəvisində yeni forma alıb. Tarixin infişaf mərhələlərinə nəzər yetirsək görərik ki, hər formasiyada rəqabət duyğusu fərqli formalarda təzahür edir. Klassik forma və məzmun kontekstində məsələyə yanaşsaq. Rəqabətin məzmunu bir, forması isə fərqli ola bilər. Ancaq bu forma heç də, ikinci dərəcəli önəmli deyil. Formanın təzahürü çox vacibdir. Əmək bölgüsündən asılı olaraq, Quldarlıq, feodalizm və indiki kapitalizm dövründə rəqabət tamamilə fərqli görüntüdə qarşımıza çıxır. Kapitalizm şəraitində meydana çıxan rəqabət duyğusunun özünəməxsus tərəfi odur ki, insanlar həm də azərbaycanlılar rəqabətin insanın ən vacib həyati əhəmiyyətli xüsusiyyəti olması ilə bağlı yanılmaya qapılır və tez-tez eşitdiyimiz “belə gəlib, belə də gedəcək” , “hamı necə sən də elə” “Yemiyəni yeyərlər” və.s kimi hikmətli fikirlər qarşımıza çıxır. Əslində isə şəraitə uyğun olaraq, rəqabət duyğusunun insan üzərindəki təsirini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. İnsanların rifahının yüksək olduğu cəmiyyətlərdə rəqabət duyğusunun təsiri də ona uyğun olaraq az olacaq.

Rəqabət duyğusunun yaratdığı ikinci bir yanılma isə, rəqabətdən qalib ayrılmış insanın “hər şeyi mən özüm bacardım” hissinə qapılmasıdır. İnsan təkcə başqa insanlarla yox, həm də yaşadığı mühitlə rəqabət içindədir. Həyata atıldığımız gündən bir döyüş şəraitində yaşayırıq və buna görə də istənilən kiçik bir uğurda eqoizmə qapılmağımız çox təbiidir.  Halbuki bu yalnış mövqedir.

Hər şey qətiyyən insanın öz əlində deyil. İnsan yaşadığı cəmiyyətin məhsuludur.  İnsanlara cəmiyyətdən izolasiya edilmiş, onun bir neçə vacib xüsusiyyətlərini abstaksiya edərək münasibət göstərmək yalnış nəticələrə gətirib çıxarır.  Hər şey azərbaycanlının öz əlindədirmi ? Əlbətdə yox! Belə olduqda azərbaycanlıları uğursuzluqda ittiham etmək, “çox çalışsan istəyinə çatarsan” ,  “Şəraiti anlayıb, onu dəyişdirməyi bacarmaq lazımdır” “Xəyal qurmaq işin yarısını etmək deməkdir” , “İnan və döyüşə atıl” kimi gic-gicə motivasiya təlimlərində deyilən şüarlar tərzində məsləhətlər vermək, ən azından cəhalətdir.

İnsanın uğurları daha çox şəraitdən və təsadüfdən asılıdır. Onun öz cəhdləri isə ikinci dərəcəlidir. İnsanlar özlərini mərkəzdə görməyi, bütün dünyanın onların ətrafında döndüyünü təxəyyül etməyi çox sevirlər, ona görədə insan iradəsinin ikinci dərəcəli olması faktını qəbul etməkdə çətinlik çəkirlər. Spinoza deyirdi ki, “Əgər çayın axınına qapılan daşın şüuru olsaydı, o düşünərdi ki, azaddır.” Mən mütləq determinizm tərəfdarı deyiləm, ancaq Spinozanın bu fikri mənim üçün bir növ şüardır. Hər şey sənin öz əlində deyil, uğurlar da, uğursuzluqlar da. Odur ki, özünü ittiham etmək və qürurlanmaq ən azından bunları edərkən sərhədləri gözləməmək olmaz.

Başqa insanların, əziyyətlə yaşadığı cəmiyyətdə  “Necə xoşbəxt olmaq olar?”, “Ola bilməyənlər özləri günahkardır” kimi fikirlər arsızlıq və vicdansızlıqdan başqa bir şey deyil.  Öz balaca dünyasında xoşbəxtlik nağılları ilə yaşayan, kiçik uğurlarından zövq alıb, öz eqosunu göylərə ucaldan azərbaycanlının həyatı matriksdə yaşayan insanların həyatına bənzəyir. Matriks insanları da özlərini xoşbəxt hesab edə bilərlər, reallıq isə fərqlidir. Azərbaycanın reallığı isə budur ki, insanlar kasıbdır, azad deyil, qorxurlar, borca görə intihar edirlər, muhafizəkar cəmiyyət onların həyatlarını sərbəst yaşamalarına icazə vermir, iqtisadi çətinliklər azərbaycanlılarda bədbinçilik yaradıb, azərbaycanlılar öz gələcəklərindən əmin deyillər, ümdidsizdirlər. Bəziləri isə bunları nəzərə almadan, ağız dolusu “hər şey sənin öz əlindədir” kimi qıcıq yaradan sərsəm fikirlərə qapılırlar.

Author: Saleh Mehdizade

hec ne

Leave a comment